DAŞKƏNDDƏ MİLLİ MƏDƏNİYYƏTLƏRİN İNKİŞAFI İLƏ ƏLAQƏDAR ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
Özbəkistan baş nazirinin müavini Rüstəm Qasımov, Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev, milli mədəniyyət mərkəzlərinin rəhbərləri çıxış edərək ölkədə milli azlıqlara yaradılan şəraitdən danışmışlar. Deyilmişdir ki, Özbəkistanda 130-dan artıq xalq və millətin nümayəndələri yaşayır, 140 milli mədəniyyət mərkəzi, 2 min 189 dini təşkilat fəaliyyət göstərir.
Tədbirdə Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov və Səmərqənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Səxavət Ociyev də iştirak etmişlər.
Akif Ağatalıbov müxbirimizlə söhbətində demişdir ki, Özbəkistanda 60 mindən artıq soydaşımız yaşayır. Onların əksəriyyəti bu torpaqda doğulub burada təhsil alıblar, ölkə vətəndaşlarına verilən bütün hüquqlardan istifadə edirlər. Digər xalqlar kimi, bizim də hüquqlarımız Özbəkistan qanunları ilə qorunur. Tarixi vətəndən uzaqda yaşasaq da, adət-ənənələrimizi, o cümlədən toy, yas mərasimlərimizi elə Vətəndəki kimi qeyd edirik.