Daxili Qoşunların komandanı əsgərlərin valideynləri ilə görüşüb
Bakı, 7 may, AZƏRTAC
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov “N” saylı hərbi hissədə əsgərlərin valideynləri ilə görüşüb.
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdən əvvəl Komandan şəxsi heyətin kazarma-məişət şəraiti və təminatı ilə tanış olub, ərazidə aparılan abadlıq işləri ilə maraqlanıb.
Hərbi hissə komandiri, polkovnik-leytenant Ramiq Salayev hissənin döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin mənəvi-psixoloji durumu barədə məruzə edib.
General-leytenant Ş.Məmmədov gündəlik xidməti-döyüş fəaliyyəti ilə əlaqədar məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verdikdən sonra əsgərlərin valideynləri ilə görüşərək, onların müraciətlərini dinləyib.
Görüşün təşkil olunmasında əsas məqsədin valideynlərin müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulayan komandan qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf ordu quruculuğu prosesinə də müsbət təsirini göstərməkdədir. Bu dinamikanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında da hiss olunduğunu vurğulayan Ş.Məmmədov deyib: “Daxili Qoşunların bütün hərbi hissələrində əsgərlərin yüksək səviyyədə xidmət aparması üçün hərtərəfli şərait yaradılıb. Hərbi qulluqçularımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış kompleksləri və yeni hərbi şəhərciklər ən müasir zəruri avadanlıqla təchiz edilib. Daxili Qoşunların hər bir hərbi qulluqçusu dövlət qayğısını hiss edir və bu etimadı fədakar xidmətləri ilə doğrultmağa çalışır. Təbii ki, bütün bunlar Prezident, Ali Baş Komandanın şəxsi heyətə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir”.
Daxili Qoşunların Komandanı hərbi qulluqçuların xidməti-döyüş fəaliyyəti ilə əlaqədar bir sıra məqamları valideynlərin diqqətinə çatdırıb.
Səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə əsgər valideynləri öz növbəsində övladları üçün yaradılmış hərtərəfli şəraitə görə respublika Prezidentinə, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Görüşdən sonra valideynlərin arzu və istəklərinin yerinə yetirilməsi istiqamətində konkret göstərişlər verilib, icrası mümkün olan məsələlər yerindəcə həllini tapıb.