Daxili Qoşunların komandanlığı ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 29 il ötür. Ulu öndər Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı Fərmana əsasən, martın 12-si Azərbaycanda Daxili Qoşunlar Günü elan edilib. Müstəqil Azərbaycanın Daxili Qoşunları ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarına məhz həmin gün - 1992-ci il martın 12-də başlayıb.
AZƏRTAC xəbər verir ki, əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanlığı və hərbi qulluqçularının bir qrupu martın 12-də Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, Daxili Qoşunların şəhid hərbi qulluqçularının abidəsi ziyarət olunub.
Qeyd edək ki, martın 12-də Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunlarının yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib, həmçinin Qoşunların bir qrup hərbi qulluqçusunun təltif olunması ilə bağlı Sərəncam imzalayıb.