Daxili Qoşunların yaranmasının 30 illiyi münasibətilə “Şərəfli xidmət” adlı sənədli film hazırlanıb VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 30 illiyi münasibətilə “Şərəfli xidmət” adlı sənədli film hazırlanıb.
AZƏRTAC xəbər verir ki, filmdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ali diqqət və qayğısını, Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi və xidməti-döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işləri əks etdirən görüntülər yer alıb.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə Daxili Qoşunların şəxsi heyətinin Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı ilk gün - martın 12-si Daxili Qoşunlar Günü kimi təsis olunub. Ötən müddətdə Daxili Qoşunlar ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. Torpaqlarımızın müdafiəsi uğrunda aparılan Birinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb. Hərbi qulluqçulardan 9-u “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Daxili Qoşunların hərbi qulluqçuları böyük Zəfərlə başa çatan Vətən müharibəsində də iştirak edərək mərdlik, qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstəriblər. Düşmənlə ağır döyüşlərdə Qoşunların 66 hərbçisi şəhid olub, 346 nəfər isə yaralanıb.
Qoşunların Vətən müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən 1377 hərbçisi yüksək dövlət təltiflərinə, o cümlədən 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.