Dendrologiya İnstitutu beynəlxalq təşkilatlarla toxum mübadiləsi üzrə əməkdaşlıq edir
Bakı, 17 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu dünyanın müxtəlif Botanika bağları və institutları ilə toxum mübadiləsi aparır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilin əvvəlindən Moldova, Estoniya, Dağıstan, İtaliya, Çexiya, Rumıniya, Portuqaliya və Rusiyanın Amur vilayətindən ümumilikdə 78 növ, 27 cins, 19 fəsiləyə aid olan toxum nümunələri əldə edilib. Əldə edilmiş toxumlar institutun flora zənginliyini artırmaq və gənc alimlərin tədqiqatları üçün olduqca vacibdir.
Son dövrlər yalnız yeni növ dekorativ bitkilər deyil, qida və sənaye əhəmiyyətli bitkilərin də introduksiyası və iqlimləşdirilməsi, təsərrüfat əhəmiyyətliliyinin öyrənilməsi üzrə geniş tədqiqatlar aparılır.
Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin bioloji müxtəlifliyinin öyrənilməsi, onların genofondunun saxlanması və mühafizəsi üzrə elmi-tədqiqat işlərinin aparılmasının böyük əhəmiyyəti vardır. Beynəlxalq qurumlarla toxum mübadiləsi və tədqiqatlar təcrübələri artırmağa, həm də elmin yeni nailiyyətlərini institutda tətbiq etməyə imkan verir.