Dendrologiya İnstitutunda Lənkəran akasiyası üzərində tədqiqat işləri aparılıb
Bakı, 30 iyun, AZƏRTAC
AMEA Dendrologiya İnstitutunun təcrübə sahəsində Azərbaycanın endemik bitkisi olan Lənkəran akasiyasının (güləbrişin), (ipək akasiya) (Albizzia julibrissin Durazz.) toxumlarının cücərtilərinin bioekoloji xüsusiyyətləri, iqlim amillərinə təsiri öyrənilib. Bitki haqqında ətraflı məlumat AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədovun müəllifi olduğu “Azərbaycan dendroflorası”nın III cildində ətraflı məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Qırmızı kitab”a düşən “İpək gülü” adlandırılan bu bitkini daha çox Lənkəran akasiyası kimi tanıyırlar. Lənkəran akasiyası dünyanın subtropik və tropik ərazilərindən başqa, mülayim iqlim zonalarında, Avropa, Aralıq dənizi ətrafında, Krım, Qafqazın Qara dəniz sahilində geniş yayılıb. Vətəni Azərbaycanda isə “Qırmızı kitab” çiçəklərindəndir.
Ukraynanın cənub bölgələrində “Lənkəran albissiyası” ən gözəl ağaclardan sayılır. Kerç şəhərinin xiyabanları, çoxsaylı bağları akasiya ilə bəzənib. Qeyd edək ki, “Lənkəran albissiyası” Argentinanın şimal və mərkəz hissələrində yayılıb. Vətənimizdə isə ona yalnız Lənkəran zonasında rast gəlmək olar. Burada onun “ipək akasiya”, “güləbrişin” və ya “Lənkəran akasiyası” adlı növü bitir. Bu növün elmi adı fars dilindən tərcümədə “gul-i abrişam”, yəni “ipək gülü”dür.
İnstitutun təcrübə sahələrində becərilən “Albizzia julibrissin Durazz” növündən yaşıllaşdırmada geniş istifadə edilir.
Lənkəran akasiyasının (Albizza julibrissin) toxumları rayondan Dendrologiya İnstitutuna gətirilərək Abşeron yarımadasının iqlim şəraitinə uyğunlaşması müqayisəli şəkildə öyrənilib. Tədqiqat aparılan Lənkəran akasiyası (Albizza julibrissin) Fabaceae A. Br. fəsiləsinin güləbrişin (Albizza L.) cinsinə aiddir. Güləbrişin cinsinin Asiya, Afrika və Avstraliyanın tropik və subtropik zonalarında 50-yə yaxın növü məlumdur. Azərbaycanda bir növü təbii bitir.
Abşeron şəraitində becərilən və tədqiqat obyekti kimi istifadə olunan Lənkəran akasiyası (Albizza julibrissin) növünün meyvəvermə və çiçəkləmə xüsusiyyətlərinə dair biliklərin onun biologiyasının mənimsənilməsində, həmçinin tədqiqat işlərinin davam edilməsində böyük əhəmiyyəti var. Tədqiqatlar nəticəsində müəyyən olunan beşillik Lənkəran akasiyası ağacının orta hündürlüyü 1,2 metr, kök boğazından gövdəsinin diametri isə orta hesabla 4 santimetrdir. Münbit torpaqlarda 10 il müddətində 10-12 metr yüksəkliyə çatması ilə fərqlənir və çox sürətlə inkişaf edir, quraqlığa davamlı hesab olunur. Lənkəran akasiyası 4-5 yaşından sonra çiçəkləyir. İntroduksiya olunan bitkilərin normal böyüyüb inkişaf etməsi üçün onların düşdükləri yeni iqlim şəraitinə uyğunlaşması böyük əhəmiyyət kəsb edir. Ağac, kol bitkilərinin introduksiyası üçün qışa davamlılıq əsas amillərdən sayılır və ətraf mühitin aşağı düşən hərarət reaksiyası hər növ üçün səciyyəvi olan canlı hüceyrələrin prоtоplazmasının xüsusiyyətləri ilə təyin olunur.
Son dövrdə yaşıllaşdırmada salınan park və bağların yeni landşaft memarlığı əsasında qurulması geniş vüsət alıb. Bu məqsədlə tətbiq olunan bitkinin - tək və qrup əkinlərində, həmçinin dənizkənarı ərazilərdə, yay aylarında istiliyin azalmasında, Abşeron şəraitində bəzək bitkisi kimi istifadə edilməsi məqsədyönlüdür. Tədqiqat işində Lənkəran akasiyası növünün bioekoloji xüsusiyyətləri, çoxaldılması və s. elmi əsaslarla öyrənilib, yaşıllaşdırmada istifadəsi tövsiyə edilib.