DƏNİZİN QADAĞAN OLUNMUŞ YERLƏRİNDƏ ÇİMƏNLƏR HƏYATLARINI TƏHLÜKƏ QARŞISINDA QOYURLAR
İyulun 15-də saat 17.20 radələrində Quba şəhərinin sakini Sevinc Bayraməli qızı Bayraməliyeva Xaçmaz rayonunun Nizovaya kəndinin qeyri-çimərlik ərazisində küləkli havada suya girmiş və batmışdır. “Nizovaya” xilasetmə məntəqəsindən iki kilometr aralıda baş verən bu bədbəxt hadisənin qurbanını xilasedicilər həmin çimərlikdən 4 kilometr aralıda tapmışlar.
İyulun 16-da Əzizbəyov rayonu Əmircan qəsəbəsinin sakinləri Rasim Ağa oğlu Həbibov, Orxan Rasim oğlu Həbibov və Süleyman Kamil oğlu Qəhrəmanov “Mayak” özəl çimərliyinin yaxınlığındakı Şüvəlan qəsəbəsinin qayalıq ərazisində qeyri-çimərlikdə batmışlar. Həyat yoldaşı və oğlunu xilas etmək üçün özünü suya atan Yaqut Həbibovanı boğularkən xilasedicilər dənizdən çıxarmışlar. Rasim Həbibovun meyiti həmin gün saat 17.30 radələrində, iyulun 18-də isə axşamüstü Süleyman Qəhrəmanovun meyiti tapılıb sudan çıxarılmışdır. Axtarış işlərini davam etdirən xilasedicilər iyulun 19-da saat 15 radələrində Orxan Həbibovun meyitini Pirallahı adasının yaxınlığında tapmışlar.
Qeyd edək ki, ərazidə qadağanedici lövhənin olmasına baxmayaraq, vətəndaşlar buna məhəl qoymurlar. İyulun 15-16-da dövlət çimərliyində xilasedicilər 9 nəfəri ölümdən qurtarmışlar.