Deputat: Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlıq, strateji müttəfiqlik ən yüksək səviyyəyə çatıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Keçən il Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra hər ötən gün ən yeni tariximizin qızıl səhifələri yazılır. Belə səhifələrdən biri də Qarabağın dilbər guşələrindən olan Füzulidə yeni inşa edilmiş beynəlxalq hava limanının açılışı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu mərasimdə iştirak etməsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat qeyd edib: “Bu, həqiqətən də tarixi bir səfərdir. Hər zaman mənəvi, siyasi dəstəklə Azərbaycanın yanında olan qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibən sonra üçüncü dəfə ölkəmizdə olması erməni faşizminə və onu dəstəkləyənlərə tutarlı bir cavabdır. Bu mənada iki qardaş ölkənin liderlərinin bu gün yenidən Qarabağda olmasının böyük siyasi, iqtisadi, hüquqi, mənəvi əhəmiyyəti var”.
Məlahət İbrahimqızı qeyd edib ki, ümumiyyətlə, Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlıq, işbirliyi və strateji müttəfiqlik ötən müddət ərzində ən yüksək səviyyəyə çatıb. 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə ilə ölkələrimiz arasındakı müttəfiqlik hüquqi status qazandı. Belə Bəyannamə dünyada çox nadir ölkələr arasında mövcuddur. Bu gün bu əbədi müttəfiqlik ölkələrimiz bütün istiqamətlərdə birgə fəaliyyət göstərməyə imkan verir. Bu qardaşlığın nəticəsidir ki, işğaldan azad olunan Qarabağ torpaqlarında möcüzələr yaradılır.