Deputat: Humanizm prinsipləri Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsinin təməlini təşkil edir
Bakı, 7 aprel, AZƏRTAC
Humanizm prinsipləri Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsinin təməlini təşkil edir. Dövlətimizin başçısı yaşı 65-dən yuxarı olan bir sıra məhkumu əfv etməklə bir daha bu dəyərlərə sadiqliyini nümayiş etdirdi. Nəzərə alsaq ki, koronavirus infeksiyası daha çox yaşlı nəslin nümayəndələri üçün təhlükəlidir, deməli, dövlət başçısı məhkumluq həyatı yaşayan bəzi yaşlı insanları əfv etməklə həm də bu xəstəliklər mübarizənin səmərəliliyinə əlavə töhfə vermiş oldu. Bu çətin günlərdə Prezident İlham Əliyev bir sıra ailələrə sevinc bəxş etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədr müavini, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib. O qeyd edib ki, indiyədək Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox məhkum azadlığa buraxılıb. Bütün bunlar ölkə rəhbərliyinin insan amilinə verdiyi yüksək dəyərin təcəssümüdür. Bu halı milli həmrəylik kimi səciyyələndirən deputat əlavə edib ki, milli həmrəylik Azərbaycanın vəziyyətdən minimal itkilərlə çıxmasına şərait yaradır.
Onun sözlərinə görə, Azərbaycan dövləti koronavirusa qarşı həyata keçirdiyi unikal tədbirlərlə dünyaya öz təcrübəsini və standartlarını təqdim edir. Operativlik və sistemli yanaşma keyfiyyətlərini özündə ehtiva edən bu tədbirlər ölkə rəhbərliyinin siyasi iradəsindən güc alaraq uğurlu nəticələr verməkdədir.
“Elə buna görədir ki, koronavirusun bütün dünyada ağır fəsadlara yol açmasına baxmayaraq, Azərbaycanda vəziyyət tamamilə nəzarət altındadır. Prezident İlham Əliyevin vaxtında və müdrikcəsinə qəbul etdiyi qərarlar ölkəmizdə koronavirusun geniş vüsət almamasını şərtləndirən əsas amillərdən biridir. Mövcud imkanların vəhdəti, nümayiş etdirdiyimiz milli həmrəylik, habelə həkimlərimizin peşəkarlığı və gərgin əməyi Azərbaycanın vəziyyətdən minimal itkilərlə çıxmasına şərait yaradır. Bu proses bir daha onu sübut etdi ki, Azərbaycan xalqının bütün uğurlarının təməlində xalq-iqtidar birliyi dayanır” , - deyə STM-in sədr müavini vurğulayıb.
E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün dövlət tərəfindən bütün zəruri addımlar atılır. Bu baxımdan ölkəmizdə qısa müddət ərzində tibbi maska istehsal edən müəssisənin fəaliyyətə başlamasını təqdirəlayiq hal hesab etmək olar. O əlavə edib ki, bu, həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını tam aradan qaldırır və gələcəkdə ölkəmizin ixrac potensialını artıra bilər. Bu, həm də onu göstərdi ki, Azərbaycandakı infrastruktur qısa müddət ərzində istehsalatın təşkil olunmasına imkan verəcək səviyyədədir. Aprelin 5-dən etibarən ölkəmizdə hərəkətin məhdudlaşdırılması və bir sıra vacib qaydaların müəyyən olunması insanların təhlükəsizliyi üçün atılan addımlar silsiləsindəndir. Bütövlükdə karantin rejiminin tətbiq olunmasının yeganə məqsədi bu virusun Azərbaycanda geniş yayılmasının qarşısını almaqdır. Buna görə də insanlarımız bu çətin dönəmdə məsuliyyətini daha da artırmalı və qaydalara əməl etməklə özlərini, ailə üzvlərini, yaxınlarını xəstəlikdən qorumalıdırlar.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan dövləti koronavirusla mübarizə çərçivəsində bir daha öz gücünü dünyaya nümayiş etdirdi.
“Bəşəriyyəti cənginə alan bir xəstəliyə qarşı səmərəli mübarizə metodları ortaya qoymaqla qadir olduğumuz imkanları göstərdik. Güclü və iqtisadi baxımdan dayanıqlı dövlətlər üçün böhran həm də yeni imkandır. Azərbaycan dövləti qazandığı bu təcrübə ilə böhranlara qarşı immunitetini gücləndirərək, özünü daha böyük qlobal təlatümlərdən siğortalamış olacaq” , - deyə politoloq bildirib.