SİYASƏT
Deputat: Planlı xarakter daşıyan islahatların məqsədi vətəndaşlarımızın sosial rifahını daha da yaxşılaşdırmaqdır
Bakı, 27 fevral, AZƏRTAC
2019-cu ilin əvvəllərindən başlayaraq əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində az qala hər gün Azərbaycan Prezidenti tərəfindən imzalanan yeni bir Fərman və Sərəncamın şahidi oluruq. Əhalinin aztəminatlı kateqoriyası hesab edilən qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin artırılması ilə bağlı yeni bir Sərəncam da imzalandı. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılır. Bütün bu addımlar Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, əvvəlcədən müəyyənləşdirilmiş və planlı xarakter daşıyan bu islahatların məqsədi vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılmasından ibarətdir. Nəinki MDB məkanında, bütövlükdə dünyada çox az dövlət tapıla bilər ki, əhalinin sosial problemlərinin həllinə bu qədər diqqət göstərsin. Nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bizdə sosial qayğıya ehtiyacı olan xüsusi kütləvi təbəqə formalaşıb və onların sayı bir milyona bərabərdir. Bu isə dövlət üçün əlavə maliyyə mənbələri tapmaqla onu sosial sferaya yönəltmək zərurəti formalaşdırır. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət hazırda sosial məsələləri həll etmək üçün imkanlar yaradıb və gələcəkdə də bu istiqamətdə fəaliyyətin davamlı olması perspektivlərini müəyyənləşdirib. Bütün bunlar dövlətimizin öz vətəndaşlarına qayğısının təzahürüdür.