Deputat: Prezident İlham Əliyevin Milli Məclisdəki nitqi Azərbaycan parlamentinin tarixinə yeni səhifə yazdı
Bakı, 14 mart, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisdəki nitqi tarixi çıxış idi. Bu çıxış Azərbaycan parlamentinin tarixinə yeni bir səhifə yazmış oldu və qarşıya ölkəmizin gələcəyini müəyyən edən hədəflər qoydu. Milli Məclisin yeni tərkibinin müəyyən olunması ölkəmizdə aparılan köklü islahatların davamıdır. Prezidentin tövsiyələri bizi bir daha əmin etdi ki, bütün sahələrdə olduğu kimi, qanunverici orqanda da yenilənmənin vaxtıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, qurumun Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Rəşad Mahmudov deyib ki, dövlətimizin başçısı nitqində bir çox məsələlərə toxundu. Amma bütün bu məsələlərin məğzində təbii ki, Azərbaycan qanunvericiliyində kəmiyyətdən daha çox keyfiyyətə diqqət yetirilməsi dayanır. Deputat bildirib ki, kəmiyyətdən daha çox keyfiyyətə diqqətin yetirilməsi müəyyən məsələlərin həlli ilə bağlı qanunların icrasında boşluqları aradan qaldırmaq istiqamətində vacib addımdır. İndi həmin boşluqların aradan qaldırılması ilə bağlı iş aparmaq zəruridir.
Prezident İlham Əliyevin qaldırdığı məsələlərin hər bir Azərbaycan vətəndaşının həyatında önəmli rol oynayacağını diqqətə çatdıran deputat deyib: “Düşünürəm ki, dövlətimizin başçısının toxunduğu məsələlər hər bir vətəndaşın həyatına müsbət təsir edəcək. Prezidentimizin nitqi iqtisadiyyatın inkişafına təkan verməklə bərabər, həm də ölkədə mövcud olan sosial problemlərin həllində nəticəyə hesablanmış mexanizmlərin yaradılmasını ehtiva edir.
Hər bir vətəndaşımızın arzusu Azərbaycanı təhlükəsiz, gələcəyə inamla baxan bir ölkə kimi görməkdir. Dünyada baş verən təlatümlərə, böhranlara baxmayaraq, ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan öz müstəqil siyasətini yürüdür və gələcəkdə də yürüdəcək”.
R.Mahmudov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti bütün nitq və çıxışlarında olduğu kimi, bu dəfə də ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini çatdırdı. Dövlətimizin başçısı vurğuladı ki, Milli Məclisin üzvləri iştirak etdikləri beynəlxalq təşkilatlarda daha fəal olmalı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində məsuliyyəti artırmalıdırlar.
Deputat deyib: “Prezident tapşırıq verdi ki, Milli Məclisin hər bir üzvü ona mandat verən seçicisinin yanında olmalı, onların problemlərini dinləməlidir. Deputatlar həmin problemləri icra strukturlara çatdırmalı və həll olunmadığı təqdirdə müvafiq təşkilatlar qarşısında məsələ qaldırmalıdırlar. Əgər seçicinin problemi həllini tapmırsa, yubadılırsa, müraciət ediləcək son instansiya Prezident Administrasiyasında yaradılan xüsusi şöbə olacaq. Məhz həmin şöbənin köməyi ilə məsələnin daha çevik və vaxtında öz həllini tapması mümkün olacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan vətəndaşının məmnunluğu hər şeydən yüksəkdə durur”.
Rəşad Mahmudov, həmçinin Milli Məclisin yeni tərkibinin Azərbaycan qanunvericiliyinin möhkəmlənməsinə sanballı töhfə verəcəyindən əminliyini ifadə edib.