Deputat: Xalqımız pandemiya ilə mübarizədə bu mübarək ayda da birlik nümayiş etdirməlidir
Bakı, 17 aprel, Səadət Hakıyeva, AZƏRTAC
Bu gün Avropanın ən inkişaf etmiş ölkələrində əhalinin vaksinasiyası geniş və sürətli şəkildə aparılır. Pandemiya ilə mübarizə çərçivəsində görülən mübarizə tədbirlərinə baxmayaraq, sərt karantin rejimi də qüvvədə saxlanılır. Bu ölkələrdə kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir. Hətta bəzi Avropa dövlətlərində komendant saatı tətbiq edilir. Deməli, koronavirusun sürətlə yayılma təhlükəsi hələ də qalmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
Deputat qeyd edib ki, ölkəmizdə də Operativ Qərargahın qərarına əsasən, kütləvi tədbirlərin, yas, toy mərasimlərinin keçirilməsi qadağan edilib. Ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasına yönəldilib. Respublikamızda əhalinin vaksinasiyası sürətlə və mütəşəkkil şəkildə davam edir. Görülmüş tədbirlər nəticəsində respublikada yoluxma sayını sabit saxlamağa müvəffəq olmuşuq. Lakin çox təəssüf ki, bəzi vətəndaşlarımız məsuliyyətsizlik göstərərək toy mərasimləri keçirməyə cəhd edirlər. Polis orqanlarının əməkdaşları operativ olaraq bunun qarşısını alırlar. Həmin insanlar başa düşməlidirlər ki, onların bu hərəkətləri ölkəmizdə koronavirusla aparılan mübarizəyə ciddi maneə törədir. Belə şəxslər insanları kütləvi şəkildə bir yerə toplamaqla virusun sürətlə yayılmasına şərait yaradırlar. Həmin insanlar həm qanunla ciddi cəzalandırılmalı, həm də ictimaiyyət tərəfindən ciddi qınaq obyektinə çevrilməlidirlər.
Kamilə Əliyeva vurğulayıb ki, pandemiyadan xilas olmağın yeganə yolu əhalinin vaksinasiya olunması ilə bərabər, şəxsi gigiyena qaydalarına riayət etməsi, sosial məsafəni gözləməsi və maskadan düzgün istifadə etməsidir. Nə qədər çox insana peyvənd vurularsa, kütləvi immunitetin yaranması daha tez təmin olunar və beləliklə, biz xəstəliyə daha tez qalib gəlmiş olarıq.
“Artıq 4 gündür ki, xalqımız Ramazan ayının orucunu tutur. Bu mübarək ayda xalqımıza əmin-amanlıq diləyirəm. Hər bir vətəndaşımıza cansağlığı və bol ruzi arzulayıram. Qafqaz Müsəlmanları İdarəsi də bu günlərdə məscidlərdə kütləvi tədbirlərin keçirilməsinə icazə vermədi. Bütün İslam dövlətlərində məscidlərdə kütləvi namaz qılınmağa və tədbirlərə qadağa qoyulub. Bu sərt tədbirlər hətta şəriət qanunları ilə idarə olunan dövlətlərdə də mövcuddur”, - deyən deputat əlavə edib ki, Ramazan ayı birlik, bərabərlik ayıdır. Xalqımız pandemiya ilə mübarizə aparmaq üçün bu mübarək ayda da birlik nümayiş etdirməlidir.