“Dəyirmi masa”da erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələri barədə məlumat verilmişdir
Bakı, 29 mart (AZƏRTAC). Martın 29-da “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin (GEAD İB) təşkilatçılığı ilə “Azərbaycanlıların soyqırımı həqiqətləri (1918-1920-ci illər)” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, “dəyirmi masa”da GEAD İB-nin sədri, dosent Məmmədəli Babaşlı Azərbaycan Respublikasının müstəqillik qazanmasından sonra tarixi keçmişimizin obyektiv öyrənilməsi istiqamətində görülən işlərdən danışaraq, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımları haqqında məlumat vermişdir.
M.Babaşlı erməni millətçilərinin “böyük Ermənistan” yaratmaq uğrundakı qanlı əməlləri nəticəsində Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Cənubi Azərbaycanın müxtəlif şəhərlərində minlərlə dinc əhalinin qətlə yetirilməsi barədə ətraflı danışmışdır.
AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən Cənubi Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı aktları ilə bağlı məlumat vermişdir. Bildirmişdir ki, 1918-ci ildə ermənilər azərbaycanlılara qarşı kütləvi qırğınlar törədəndə ən çox ziyan çəkən bölgələrdən biri də Cənubi Azərbaycan əhalisi olmuşdur.
Diqqətə çatdırılmışdır ki, ermənilər xüsusilə bolşeviklərin köməyi ilə 1918-ci ilin birinci yarısında Urmiya, Xoy, Səlmasda azərbaycanlılara qarşı soyqırımı törətmişlər.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əhali tarixi və tarixi demoqrafiya şöbəsinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov 1918-1920-ci illərdə ermənilər tərəfindən Şimali Azərbaycanda həyata keçirilən soyqırımı haqqında danışaraq qeyd etmişdir ki, Bakı quberniyası üzrə 1918-ci ilin mart-sentyabr aylarında 50 min insan qətlə yetirilmişdir. Vurğulanmışdır ki, həmin dövrdə Gəncə quberniyasının Zəngəzur qəzasında 115 kənd dağıdılmışdır.
Tədbirdə İctimai Birliyin üzvlərinin sualları cavablandırılmışdır.