Dilçilik İnstitutu “Xəzər türkləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək
Bakı, 12 oktyabr, AZƏRTAC
Dekabrın 8-9-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Xəzər türkləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda iştirak etmək istəyənlər məqalələrini noyabrın 15-dək [email protected] ünvanına göndərməlidirlər. Konfrans “Tarixşünaslıqda və türkologiyada Xəzər türklərinin yeri və rolu”, “Xəzər türklərini öyrənən tədqiqatlar və tədqiqatçılar”, “Xəzərlər ən qədim türk etnosu kimi”, “Xəzərlər sabir türklərinin varisi kimi”, “Xəzər və yəhudi əlaqələr”i, “Xəzər dili “ölü” türk dillərindən biri kimi”, “Xəzər tayfa dilləri arasında tarixi-mədəni əlaqələr, “Xəzər dillərinin ayrılmasından sonrakı tarixi-mədəni əlaqələr”, “Qədim Xəzər dilinin törəmələri: Karaim dili. Bulqar dili. Avar dili. Çuvaş dili”, “Xəzərlərin etnik dili. Azərbaycan xalqının etnik təşəkkülündə Xəzər türklərinin rolu”, “Çuvaş, avar və s. türk dillərində Xəzər dilinin ortaq qalıqları”, “Xəzər dilinin damğaları (əlifbası)”, “Xəzər dilində mövcud mətnlər. Xəzər mətnlərinin Orxon-Yenisey mətnləri ilə ümumi cəhətləri”, “Xəzər dilində “məktub” mətnlər”, “Xəzər” etnonimi. Xəzər adının Qafqaz toponimlərinin formalaşmasında izləri”, “Xəzərlər Gürcü mənbələrində və toponimlərində”, “Xəzərlərə məxsus tayfa adları və bu adlar əsasında yaranmış etnotoponimlər”, “Xəzər dilinin leksikası”, “Xəzər” etnonimi türk folklorunda” bölmələrini əhatə edəcək.
Mövzular üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.
Müəlliflərin nəzərinə çatdırılır ki, mətnin həcmi 5 səhifədən artıq olmamalıdır. Məqalələr A4 formatda, “Times New Roman” şrifti ilə yazılmalıdır. Ədəbiyyat siyahısı əlifba üzrə sıralanmalıdır. İstinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə göstərilərək yazılmalıdır.