DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
DQİDK-nın sədri ABŞ səfirliyinin ölkəmizdə vicdan və əqidə azadlığının qorunmasına göstərdiyi diqqətə görə amerikalı qonağa təşəkkürünü bildirmiş, başçılıq etdiyi qurumla xarici ölkələrin diplomatik nümayəndəlikləri arasında münasibətləri konstruktiv münasibətlər kimi dəyərləndirmişdir. Vurğulamışdır ki, Azərbaycanda dini sabitliyin təmin olunması ölkəmizdə bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin və dini icmalar arasında etimad mühiti yaradılmasının nəticəsidir.
Azərbaycan hökumətinin dini sahədə şəffaf siyasət yürütməsindən məmnunluğunu ifadə edən C.Polasçik, ABŞ hökumətinin dünyada dini ekstremizmin artmasından narahatlığını bildirmişdir. Qeyd etmişdir ki, ABŞ vətəndaşların dini etiqad azadlığı hüquqlarına zərər gətirə biləcək addımların atılmasının tərəfdarı deyildir.
Görüşdə 1992-ci ildə qəbul olunmuş “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa ediləcək əlavə və dəyişikliklər barədə də fikir mübadiləsi aparılmışdır.
Görüşün nəticələrindən məmnunluqlarını bildirən tərəflər dini sahədə Azərbaycan və ABŞ hökumətləri, eləcə də Dövlət Komitəsi ilə səfirlik arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğulamışlar.