Dohada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Qahirə, 26 fevral, AZƏRTAC
Azərbaycanın Qətərdəki səfirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə səfirliyin diplomatik heyəti və Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Adış Məmmədov Xocalı soyqırımının bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunduğunu və xalqımızın yaddaşından heç zaman silinməyəcəyini qeyd edib.
Ümummilli Lider Heydər Əliyevin Xocalı faciəsinin beynəlxalq müstəviyə çıxarılmasında rolunu xatırladan diplomat bu qanlı hadisəyə onun tərəfindən verilmiş siyasi-hüquqi qiyməti qeyd edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə beynəlxalq müstəvidə “Xocalıya ədalət!” kampaniyasının aparıldığını bildirən səfir dünyanın bir çox ölkələrinin parlamentlərində, həmçinin ABŞ-nin 20-dən çox ştatında Xocalı soyqırımının dinc azərbaycanlılara qarşı törədilən cinayət aktı kimi xarakterizə edən qətnamələrin qəbul edildiyini diqqətə çatdırıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə