DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ GÖRÜŞ
Aydın Əliyev 1999-cü ilin yanvarından icrasına başlanılan BMTİP və Azərbaycan Hökuməti arasında “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması” layihəsinin uğurla davam etdiyini xatırladaraq, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışmışdır.
Komitə sədri ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi qayğı nəticəsində Azərbaycan gömrük xidmətinin informasiya kommunikasiyası texnologiyalarının tədbiqi ilə bağlı həyata keçirdiyi işlərin real nəticələr verdiyini, Prezident İlham Əliyevin bu sahəyə böyük diqqətlə yanaşdığını və birmənalı olaraq, İKT-nin tətbiqinə dəstəklədiyini məmnunluqla söyləmişdir.
Birgə gerçəkləşdirilən layihələrin, bütövlükdə, BMT-nin İnkişaf Proqramının Dövlət Gömrük Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən Aydın Əliyev həyata keçirilən və gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulan avtomatlaşdırılmış sistemin informasiya mübadiləsinə və məlumatların operativ surətdə sərhəddən mərkəzə çatdırılmasına əlverişli şərait yaratdığını, gömrük proseduralarının və potensilalının gücləndirilməsi üzrə planlaşdırılan fəaliyyətin inkişafına layiqli töhfə verdiyini vurğulamışdır.
Komitə sədri əməkdaşlığın davamı kimi BMTİP, Avropa İttifaqı və Dövlət Gömrük Komitəsinin birgə, yeni layihəsinin gerçəkləşməsi istiqamətində iş apardığını, bu məqsədlə təcrübəli gömrük əməkdaşlarından ibarət işçi qrupunun yaradıldığını diqqətə çatdırmışdır. Onun sözlərinə görə, layihədən məqsəd qüvvədə olan Gömrük Məcəlləsinin Kioto Konvensiyasına uyğunlaşdırılmasıdır.
Marko Borsotti, ilk olaraq, yeni təyinatı münasibətilə Aydın Əliyevi təbrik edərək bildirmişdir ki, Dövlət Gömrük Komitəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi Azərbaycanda bu sahədə həyata keçirilən fəaliyyətin başlanğıcı olmuşdur. Azərbaycanın elektron idarəçiliyi sahəsində uğurlu addımlarının məhz bu şəkildə həyata keçirilməsində DGK-da vaxtilə başlanılan prosesin böyük rolu vardır. Azərbaycan Gömrük Təşkilatının maliyyə imkanlarını bu prosesə səfərbər etməsindən razılıqla söhbət açan Marko Borsotti BMTİP-nin də bu işdə maliyyə dəstəyini əsirgəməyəcəyini, gömrük sistemində İKT sektorunun davamlı inkişafına yardımçı olacağını bildirmişdir. Qonaq, ümumiyyətlə, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına, əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Görüşün sonunda Aydın Əliyev Marko Borsottini və “Sinam İnvest” şirkətinin təsisçisi Elçin Əliyevi “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif etmişdir.