Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci xanım Mehriban Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqlarına əminliklərini ifadə ediblər. Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Vətəndaşlara qeyd ediblər ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.