CƏMİYYƏT
Dövlət Komitəsinin sədri Tbilisidə bir sıra görüşlər keçirib


Tbilisi, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Tbilisidə Gürcü Pravoslav Kilsəsinin iqamətgahında (Gürcüstan Patriarxlığında) Qori və Aten Mitropoliti Andria Gvazava və Sinodun üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin dini qurumları arasındakı əməkdaşlıq əlaqələri diqqət mərkəzində olub.
Hər iki ölkənin dini liderləri arasındakı dostluğun bütün sahələrdə münasibətlərimizin inkişafına müsbət təsir göstərdiyi qeyd edilib.
M.Qurbanlı deyib ki, Azərbaycan dövləti hər zaman Gürcüstanın yanında olub, dəstək verib. Ehtiyac yaranarsa, Azərbaycan tərəfi Gürcüstanda olan məscidlərin təmir və bərpasına, eləcə də digər məsələlərdə yardım göstərə bilər.
Andria Gvazava ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən razılıqla danışıb, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq edib.
DQİDK-nın sədri elə həmin gün Tbilisidəki M.F.Axundzadə adına 73 saylı tam orta məktəbdə olub. Məktəbin direktoru Salman Priməmmədov təhsil ocağının fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verib.
M.Qurbanlı məktəbin kollektivi ilə söhbət edib, onlara tədrisdə uğurlar arzulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi