CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin rəisi üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
![](/files/galleryphoto/2024/1/1200x630/1705561837439758899_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055618374874622073_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055618371391133769_1200x630.jpg)
Bakı, 18 yanvar, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Emil Bəşirovla görüşüb.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xidmət rəisi bildirib ki, xüsusi hazırlanmış Mentorluq proqramı çərçivəsində DMX-nin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə tanışlıq, hüquqi bazanın təkmilləşdirilməsi və ixtisasına uyğun olaraq digər sahələr üzrə də bilik və bacarıqlarının artırılmasına şərait yaradılacaq. O, həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Emil Bəşirov isə öz növbəsində Mentorluq proqramı çərçivəsində Vüsal Hüseynova yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiyini bildirib.
Xidmət rəisi V.Hüseynov Emil Bəşirovu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident tərəfindən 2023-cü il 25 dekabr tarixində Sərəncam imzalanıb.