DÖVLƏT NEFT FONDUNUN GƏLİRLƏRİ İLBƏİL ARTIR
2006-cı ildə Neft Fondunun büdcəsində gəlirlərin 807, 8 milyon YM (yeni Azərbaycan manatı) təşkil edəcəyi gözlənilir. O cümlədən, mənfəət neftinin satışından gəlirlərin 684 milyon manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 13,5 milyon manat, bonus ödənişlərindən 67, 5 milyon manat, akrhesabı ödənişlərdən isə 7,4 milyon manat təşkil etməsi nəzərdə tutulur. Bundan başqa, Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 35,3 milyon manat, digər gəlirlər və daxilolmalar isə 0,1 milyon manat məbləğində təsdiq olunmuşdur.
Fondun 2006-cı ildə xərcləri ümumilikdə 950,3 milyon manat olmaqla, dövlət büdcəsinə transfertlər 585 milyon manat məbləğində nəzərdə tutulur. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması və onların sosial-məişət vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 110,3 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 38 milyon manat, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə yeni su kəmərinin çəkilişinə 90 milyon manat, Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 37 milyon manat, Dövlət Sərmayə Şirkətinin nizamnamə kapitalının formalaşmasına 90 milyon manat ayrılması nəzərdə tutulur.
Fondun 2006-cı ildə idarə edilməsi ilə bağlı (3,9 milyon manat məbləğində) xərclər layihəsi Neft Fondunun Müşahidə Şurasına təqdim edilmiş və Şurada baxıldıqdan sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim ediləcəkdir.