DÖVLƏT NEFT FONDUNUN İCRAÇI DİREKTORU ABŞ-DA BİR SIRA GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Samir Şərifov keçirdiyi görüşlərdə Neft Fondunun yaranma tarixi, strukturu, gəlirləri, strateji planlaşdırılması, vəsaitlərinin idarə edilməsi və xərclərinə dair ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 2006-2024-cü illər ərzində neftin bir barrelinin qiymətinin 30-45 ABŞ dollarına bərabər olacağı təqdirdə Azərbaycanın neftin satışından 73 milyard dollardan 143 milyard dollaradək gəlir əldə edəcəyi gözlənilir. Bu baxımdan Azərbaycan hökumətinin neft gəlirlərinin toplanması və idarə olunması məqsədi ilə Dövlət Neft Fondunu yaratması strateji əhəmiyyətli bir qərar olmuşdur. Neft Fondunun gəlirləri Azərbaycanın həm indiki, həm də gələcək nəsilləri arasında ədalətli şəkildə bölünəcəkdir.
Fondun icraçı direktoru xatırlatmışdır ki, ölkənin infrastrukturunun inkişafına böyük ehtiyac olduğu nəzərə alınmaqla, “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın təsdiq edilməsi” barədə Azərbaycan Prezidentinin Fərmanına uyğun olaraq, respublika hökuməti neft gəlirlərinin müəyyən hissəsindən investisiya layihələrinin həyata keçirilməsi üçün istifadə edəcəkdir. Növbəti bir neçə il ərzində Neft Fondundan magistral yolların, məktəb və xəstəxanaların tikintisinə və bərpasına, elektroenergetika avadanlığının alınmasına, ölkənin inkişafı üçün əhəmiyyət kəsb edən digər layihələrə də vəsait ayrılacaqdır. S.Şərifov bildirmişdir ki, bazar iqtisadiyyatına keçid, ölkəmizin sürətli iqtisadi yüksəlişi, dünya birliyinə inteqrasiyası müxtəlif sahələrdə yüksək ixtisaslı kadrlara da ciddi ehtiyac yaradır. Ona görə də perspektivli azərbaycanlı gənclərin ABŞ və Avropada təhsil alması məqsədi ilə təhsil fondu yaradılması da nəzərdə tutulur.
İcraçı direktor həmçinin xatırlatmışdır ki, , Fondun xərclər portfelinə qaçqınların və məcburi köçkünlərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması layihəsi də daxildir. Ermənistanın təcavüzü nəticəsində yurdundan didərgin düşmüş bu insanların məskunlaşdırılması proqramı çərçivəsində yeni evlərin tikintisinə və infrastruktur layihələrinin həyata keçirilməsinə Neft Fondundan 109 milyon dollar həcmində vəsait ayrılmışdır.
Fondun “Sabitləşdirmə və fövqəladə hallar” portfeli barədə də məlumat verən S.Şərifov bildirmişdir ki, bu çərçivədə xərclərin qəzalar və yaxud ölkənin maliyyə vəziyyətində gözlənilməz halların aradan qaldırılmasına yönəldilməsi nəzərdə tutulur. “İnvestisiya portfeli” adlanan digər xərclər portfeli isə neft gəlirlərinin gələcək nəsillər üçün saxlanmasına və Fond üçün gəlir mənbəyi rolunu oynamasına xidmət edəcəkdir.