DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ ABŞ SƏFİRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Amerikalı diplomat görüşün tanışlıq xarakteri daşıdığını vurğulayaraq Azərbaycanla ABŞ, eləcə də ARDNŞ-lə Amerika şirkətləri arasındakı münasibətlərin perspektivlərinə toxunmuşdur. Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfərindən və Vaşinqtonda apardığı danışıqlardan sonra iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirən səfir qeyd etmişdir ki, hazırda bu əməkdaşlıq müxtəlif sahələrdə, o cümlədən qlobal miqyasda enerji təhlükəsizliyinin təmin olunması istiqamətində uğurla davam etdirilir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsini əfsanəvi nailiyyət adlandıran xanım Ders ARDNŞ-in Azərbaycan iqtisadiyyatında çox mühüm rol oynadığını və ABŞ şirkətlərinin onunla əməkdaşlığı daha da gücləndirməsi üçün hər cür dəstək verəcəyini bəyan etmişdir.
Daha sonra R.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin ARDNŞ-i beynəlxalq standartlara uyğun güclü və modern bir quruma çevirmək haqqında göstəriş verdiyini nəzərə çatdırmış və bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat vermişdir. O, ABŞ səfirini şirkətin strukturu ilə tanış etmiş, ilin əvvəlindən yeni yaradılmış idarələrin funksiyalarından danışmışdır. ARDNŞ-in Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulmasını, Mühasibat Hesabatlarının Beynəlxalq Standartlara keçməyə hazırlaşmasını, ekologiya və kadr hazırlığı proqramlarının reallaşdığını nəzərə çarpdıran ARDNŞ prezidenti regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində görülən işlər barədə də söz açmışdır. Səfir bütün bu deyilənlərdən məmnun qaldığını bildirərək, ətraflı məlumata görə ARDNŞ prezidentinə təşəkkür etmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.