DÖVLƏT QHT-LƏRİ İNKİŞAF ETDİRMƏKLƏ VƏTƏNDAŞ TƏŞƏBBÜSKARLIĞINI DƏSTƏKLƏYİR
Dəyirmi masada hökumət və dövlət nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən QHT-nin, ictimai birlik və cəmiyyətlərin nümayəndələri iştirak etmişlər.
Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “QHT-hökumət münasibətləri, mövcud vəziyyət və “QHT-lərin inkişafı üzrə Dövlət proqramı”nın qəbul edilməsinin perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Dövlətimizin QHT-ləri inkişaf etdirməklə vətəndaş təşəbbüsünü dəstəklədiyini bildirən Əli Həsənov qeyd etmişdir ki, QHT öz təyinatları üzrə fəaliyyət göstərməli, siyasi proseslərdə iştirak etməməlidir. QHT-lərin dövlət qeydiyyatından keçirilməsi qaydalarının xeyli yüngülləşdirildiyini bildirən natiq qeyd etmişdir ki, bəzi QHT nümayəndələrinin siyasi proseslərdə fəallığı nəticə etibarı ilə bu bölmədəki qurumların funksiyasının cəmiyyət tərəfindən düzgün başa düşülməməsinə gətirib çıxarır.
Çıxış edən digər natiqlər QHT bölməsinin inkişafına dövlət qayğısını yüksək dəyərləndirmiş, mövcud problemlərin aradan qaldırılması üçün konkret təkliflər irəli sürmüşlər. Qeyd olunmuşdur ki, QHT-lərin fəaliyyətini düzgün istiqamətləndirmək üçün QHT-lər haqqında qanunvericilik bazası daha da təkmilləşdirilməli, yerli donorçuluq inkişaf etdirilməlidir. Bəzi QHT-lərin siyasi müstəvidə fəaliyyətini pisləyən natiqlər bildirmişlər ki, yalnız donor təşkilatların maraqları çərçivəsində fəaliyyət göstərmək yolverilməzdir. QHT-lərin işini nizamlamaq üçün hər hansı bir qurumun yaradılmasının zəruriliyi qeyd olunmuşdur.