“DÖVLƏT QULLUQÇULARININ PENSİYA TƏMİNATI HAQQINDA” QANUN LAYİHƏSİ ÜÇÜNCÜ OXUNUŞ ÜÇÜN PARLAMENTİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Dövlət qulluqçularının pensiya təminatı haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmuşdur. Sosial siyasət daimi komissiyasının eksperti Rəcəb Nurəliyev demişdir ki, sənədin parlamentdə ikinci oxunuş müzakirəsi zamanı əksər deputatlar “Dövlət qulluğu haqqında” Qanunun qüvvəyə mindiyi günə qədər bu sahədə çalışmış şəxslərin də dövlət qulluqçusu kimi pensiya almaq hüququnun əks olunmasını təklif etmişdilər. Bu qrupa 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya, eləcə də 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Qanun qüvvəyə minənədək qanunvericilik, icra, məhkəmə orqanlarında işləmiş və hazırda pensiya alanlar daxildirlər. İşçi qrupu pensiyanın hesablanması ilə bağlı müddəada da dəyişiklik etmişdir. Dəyişiklikdə deyilir ki, pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi aydan əvvəlki dövlət qulluğundakı 24 ayına və ya dövlət qulluğunda ardıcıl gələn istənilən 60 ayına aid faktiki dövlət məvacibindən, dövlət məvacibinə sonrakı artımlar da nəzərə alınmaqla hesablanır.
Pensiyanın miqdarı dəyişməz qalır. Dövlət qulluğunda 5 ildən 10 ilədək iş stajı olanlara dövlət məvaciblərinin 60, 15 ilədək iş stajı olanlara 70, daha çox iş stajı olanlara isə 80 faizi miqdarında pensiya veriləcəkdir.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, sədr müavini Gövhər Baxşəliyeva və digər deputatların rəy və təklifləri nəzərə alınmaqla layihə üçüncü oxunuş üçün parlamentin müzakirəsinə çıxarılacaqdır.