DÖVLƏT QULLUQÇULARININ PENSİYASI ADİ VƏTƏNDAŞLARIN PENSİYASINDAN FƏRQLİ OLACAQ
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məsələ ilə bağlı AZƏRTAC-a bildirmişdir: - “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda göstərilir ki, 25 il iş stajı olan olan kişilər və 20 il iş stajı olan qadınlar müvafiq yaşa çatdıqda onlara son iki ilin orta aylıq əmək haqqı və yaxud istənilən əvvəlki 5 ilin orta aylıq əmək haqqının 60 faizi qədərində pensiya verilir. Bundan başqa 20 və 25 ildən yuxarı olan hər il üçün 2 faiz əlavə hesablanır və 60 faizə əlavə olunur. Amma Qanunla bir məhdudiyyət də müəyyən edilmişdir. Belə ki, vətəndaşlara əmək haqqının son iki ilinin və ya istənilən əvvəlki 5 ilin orta aylıq əmək haqqının miqdarından asılı olmayaraq (əmək haqqı 700-800 min və ya 1 milyon manat olduqda belə) pensiyaların yuxarı həddi 220 min manat müəyyənləşdirilmişdir. Adi vətəndaşların bundan yuxarı pensiya almaq hüququ kəsilir.
Dövlət qulluqçularında isə pensiyası iş stajından asılı olaraq 60 faizdən 80 faizə qədər müəyyən edilmişdir. Yəni dövlət qulluqçusu 1 milyon manat əmək haqqı alırsa və 15 illik dövlət qulluğunda iş stajına malikdirsə 800 min manat pensiya ala biləcəkdir.