DÖVLƏT SƏRHƏD XİDMƏTİ XƏZƏRDƏ TAKTİKİ TƏLİMLƏR KEÇİRMİŞDİR
Səkkiz mərhələdə keçirilən təlimlərdə Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmilər dəstəsi, əlahiddə aviasiya dəstəsi, Lənkəran, Xudat və Şəmkir sərhəd dəstələri, əlahiddə rabitə taboru və çevik hərəkət qrupu iştirak edirdilər. Onlar təmsil olunan qüvvələrin yüksək və tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi, iştirakçı gəmilərin bazadan təlim rayonuna çıxarılması hərəkətlərini yerinə yetirirdilər.
Daha sonra təlimlərdə iştirak edən qüvvələrin birgə “sərhəd axtarışı” əməliyyatı keçirilmişdir. Bu mərhələyə sorğuya cavab verməyən və tabe olmayan, silahlı müqavimət göstərdikdən sonra qaçmağa cəhd edən sərhəd pozucusuna qarşı döyüş tapşırıqlarının icrası daxil idi. Şərti sərhəd pozucusu zərərsizləşdirildikdən sonra, sərhəd gözətçi gəmilər dəstəsi əlahiddə aviasiya dəstəsi ilə birgə xilasetmə əməliyyatları aparmışlar.
Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev jurnalistlərə müsahibəsində təlimlərdə səkkiz minə yaxın şəxsi heyət üzvünün iştirak etdiyini bildirərək vurğulamışdır ki, Sərhəd Xidmətinin son dövr ərzində gördüyü işlər və əldə olunan nailiyyətlər Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və onun xəttinin davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin sərhədçilərə daimi diqqət və qayğısının nəticəsidir. Nəzərdə tutulmuş proqrama əsasən, 2005-ci ilə qədər olan dövrdə Dövlət Sərhəd Xidməti hər baxımdan özünün ən müasir mərhələsinə qədəm qoyacaqdır.