SİYASƏT
Dövlətimizin başçısı Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində çox ciddi diplomatik addımlar atır
Bakı, 14 oktyabr, AZƏRTAC
44 günlük vətən müharibəsindən sonra yeni strateji reallıqlar yaradan Azərbaycan bu mərhələdə siyasi diplomatik müstəvidə möhkəmlənmək, həm də qarşıda duran milli strateji hədəfləri reallaşdırmaq üçün mühüm tədbirlər həyata keçirir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin istər Asiya ölkələrinə, istərsə də Qərb ölkələrinə etdiyi səfərlərin nəticələri siyasi müstəvidə qazanılmış uğurlardandır. Çexiyanın paytaxtı Praqadakı danışıqlar zamanı hər birimiz şahid olduq ki, Prezident İlham Əliyevi Avropada praqmatik lider kimi tanıyırlar və ona mahir diplomat kimi münasibət bəsləyirlər. Bununla bağlı Avropa ölkələrinin bir çox rəhbərinin dövlətimizin başçısı haqqında söylədiyi fikirləri də nümunə göstərmək olar. Həmçinin orada beyin mərkəzlərinin siyasi liderlərinin kütləvi informasiya vasitələrinin belə diqqətindən bu məsələlər yayınmayıb.
Bunu AZƏRTAC -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova söyləyib.
O bildirib ki, Praqa görüşünün ardınca Prezident İlham Əliyevin Qırğızıstana çox uğurlu səfəri olub. Səfər zamanı dövlətlər arasında bir çox müqavilələr imzalanıb, Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb, humanitar sahələrdə uğurlu layihələr icra olunub. Ulu öndər Heydər Əliyevin və dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan məktəblərin açılışı olub. Qərara alınıb ki, Qırğızıstan şəhərləri ilə Şuşa qardaşlaşsın, şəhərlər arasında dami dostluqlar formalaşsın.
“Qazaxıstanla bağlanan müqavilələrə nəzər salsaq bir daha bunun şahidi olarıq ki, bu ölkənin Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi Qazaxıstanın “Altın Kıran” ordeni ilə təltif edib. Bu, Prezident İlham Əliyevin türk dünyasının inkişafında oynadığı böyük rola verilən bir qiymət idi. Dövlətimizin başçısı Asiya regionunda Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində çox ciddi diplomatik addımlar atır və təbii ki, bunların hamısı eyni tarixi köklərə, eyni dinə, dilə malik olan türk xalqlarının həmrəyliyinə birliyinə olan bir töhfədir. Həmçinin bu ölkələrin potensialının inkişafına yeni üfüqlər açır. Bu uğurlu siyasət həm də Türk Dövlətiləri Təşkilatının möhkəmlənməsinə, inkişafına mühüm töhfə verir”, - deyə S.Hüseynova bildirib.