SİYASƏT
Dövlətin həyata keçirdiyi tədbirlərin yeganə məqsədi vətəndaşın sağlamlığının qorunmasıdır
Bakı, 26 iyun, Səadət Hakıyeva, AZƏRTAC
Son günlərdə ölkəmizdə koronavirus infeksiyasına gündəlik yoluxmaların sayı beş yüzü ötüb. “COVID-19”dan vəfat edənlərin sayının artması təəssüf doğurur. Həkimlərin verdiyi proqnozlar da həyəcanı artırır. Halbuki virusun yayıldığı ilk günlərdən Azərbaycan hökuməti bütün qabaqlayıcı tədbirləri çox ciddi şəkildə gözdən keçirmiş və reallaşdırmışdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib.
Deputat deyib: “İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı oldu. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında bu sahədə görülən işlər və onların nəticələrindən danışdı. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlərimiz bizi böyük fəlakətdən qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. Cəmi 13 min insan yoluxub. Onların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan evə buraxılıb. Ona görə qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olub. Bəs görəsən, bizə sabitliyi qorumağa nə mane oldu və virusa yoluxma sayı niyə azalmaq əvəzinə, artdı? Prezidentin də vurğuladığı kimi, dövlətin, Operativ Qərargahın tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək adi qaydalara əməl etmirlər. Dövlət başçısı qaydalara əməl edilməsinin vacibliyini və bunun insanların özünün sağlamlığı üçün vacib olduğunu qeyd etdi. Azərbaycan Prezidenti bir daha vurğuladı ki, təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska taxmaq, sosial məsafə saxlamaq və dezinfeksiya etmək. Bu üç əsas amil insanları qoruyur”.
T.Cəfərova dövlətimizin başçısının tibbi maskadan istifadə etməsinin digərləri üçün nümunə olduğunu xatırladıb. Azərbaycan Prezidentinin xəstəxananın açılışında mövcud vəziyyət və insanların sağlamlığı ilə bağlı narahatlığını vətəndaşlarla bölüşdüyünü vurğulayan deputat yaranmış vəziyyətdə vətəndaş məsuliyyətinin nə qədər önəmli olduğuna diqqət çəkib: “Kimliyindən asılı olmayaraq, hamı öz məsuliyyətini dərk etməli, qoyulan qaydalara əməl etməlidir. Daha nələr baş verməlidir ki, insanlar ciddi bir təhlükə ilə qarşı-qarşıya olduğunu dərk etsinlər. Təhlükənin yarandığı ilk gündən görülən işlərin, həyata keçirilən tədbirlərin yeganə məqsədi Azərbaycan vətəndaşına verilən dəyərlə bağlıdır. Amma təəssüf ki, bəziləri öz həyatına dəyər vermir və ya bunun mahiyyətini anlamır. Üzülərək qeyd edirəm ki, bəziləri yumşalmalardan istifadə edərək, qaydaları heçə saydı və nəticədə özləri ilə yanaşı, yaxınlarını da bu virusa yoluxdurmuş oldular. Pandemiya ilə mübarizədə həmrəylik göstərməli, bu çətin günlərdə dövlətin yanında olmalıyıq. Xəstəliyə ancaq birlikdə qalib gələ bilərik”.