Dubayda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb
Bakı, 18 dekabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində ərəb dilində yayımlanan “Dubaiglobalnews”, “Dubaihospitalitynews”, “VDLnews” və digər elektron xəbər portallarında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş məqalələr dərc olunub.
Ölkəmizin Dubaydakı Baş konsulluğunda AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan öz Ümummilli Lideri Heydər Əliyevin xatirəsini anır: O, Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi tarixə düşüb” sərlövhəli məqalələrdə Ulu Öndərin Azərbaycan xalqını dövrün tarixi və siyasi sınaqlarından uğurla çıxaran, onu müstəqilliyə aparan güclü şəxsiyyət olduğu vurğulanır. Bununla yanaşı, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrün Azərbaycan tarixinin ən parlaq səhifəsi olduğu və müstəqil dövlət quruculuğunda dahi şəxsiyyətin misilsiz xidmətləri qeyd olunur.
Yazılarda, həmçinin Ulu Öndərin Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin əsasının qoyulmasında rolundan bəhs edilir. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan və BƏƏ arasında müsbət və davamlı münasibətlərin bünövrəsi qoyulub, regionda daha geniş diplomatik və iqtisadi əlaqələr şəbəkəsinin inkişafına töhfə verilib.
Məqalələrdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Ulu Öndərin anadan olmasının 100-cü ildönümünün beynəlxalq səviyyədə qeyd edilməsi məqsədilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyi diqqətə çatdırılıb.
Eyni zamanda, Baş konsulluq tərəfindən Ümummilli Liderin vəfatının 20-ci ildönümü ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Abdulrahim Mohammad Ketait məscidində ehsan verilib.