İDMAN
Dubaydan olan idmançı yeni dünya rekorduna imza atıb
Bakı, 4 dekabr, AZƏRTAC
Dubaydan olan Şəbab Əllam adlı idmançı bazar günü əllərində və ayaqlarında qandalla 10,7 kilometr üzüb.
AZƏRTAC xəbər verir ki, üzgüçülük üzrə təlimatçı olan misirəsilli şəxs yeni rekord vurduğuna ümid edir.
O, həmçinin ümidvardır ki, onun qeyri-adi nailiyyəti – distansiyanı əlləri və ayaqları qandallı üzən ilk insan kimi Ginnesin Rekordlar Kitabına düşəcək.
Əllam əllərində qandalla üzməkdə rekord qazanıb – o, 2020-ci ildə “Dubai Creek”dən “Dubai Canal”a 25 kilometr məsafəni birinci qət edib. İndi onun yeni rekordu Ginnesin Rekordlar Kitabının mütəxəssisləri tərəfindən yoxlanılacaq.
İdmançının sözlərinə görə, onun dünənki üzmə yarışı bir neçə ciddi çətinliklərlə bağlı olub. “Mən hər üç kilometrdən bir belimi övkələmək üçün fasilə edə bilərdim. Lakin Ginnesin Rekordlar Kitabında nəzərdə tutulan standartlara uyğun olaraq, mənim qayığa əl vurmaq ixtiyarım yox idi. Bu, qaydalardan biri idi, qandalla iki əl arasında məsafə 20 santimetrdən çox olmamalı idi, məndə isə bu məsafə 5 santimetr idi və bu, olduqca çətin idi”, - deyə idmançı qeyd edib.
Üzgüçülük üzrə təlimatçının sözlərinə görə, bundan əvvəlki sınaqda o, üzgüçülüyün 4 növünü bir araya gətirə bilirdi: brass, arxası üstə, sərbəst növ və delfin. Bu, 6 saat üzmə ərzində müxtəlif əzələlər qrupunu hərəkət etdirmək imkanı verirdi. Bu dəfə isə yalnız delfin üsulundan istifadə etməli olub ki, bu da daha çətin idi.
İdmançı yaxın və doğmalarının onu necə dəstəkləməsindən də danışıb. Onun Misirdə yaşayan anası oğluna kömək üçün Dubaya gəlib. Üzgüçünün qardaşı da xronometristdir (idman oyunlarında saniyəölçənlə vaxtı qeyd edən şəxs). Nişanlısı isə bu nailiyyəti daha tez təsdiqləməyə kömək üçün videoları çəkib.
Əllam rekordun təxminən iki ay ərzində təsdiqlənəcəyini gözləyir.