DÜNYA AZƏRBAYCANLILARI TERRORA VƏ SOYQIRIMA YOX DEYİR
Bu barədə DAK sədrinin müavini Xəzər Emin fevralın 13-də Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat vermişdir. Bildirilmişdir ki, ermənilərin azərbaycanlılara qarşı təcavüzü artıq regional hüdudları aşaraq, qlobal səciyyə daşımağa başlamışdır. Dünyanın bəzi ölkələrində siyasi nüfuza malik olan ermənilər həmin ölkələrin dövlət orqanlarına, parlamentlərinə yalan məlumatlar çatdırmaqla əsil həqiqətləri gizlətməyə çalışırlar. Dünya Azərbaycanlıları Konqresi müxtəlif tədbirlər keçirməklə, soydaşlarımızın tarixən məruz qaldıqları terror aktları və soyqırımları, torpaqlarımızın 20 faizinin işğal olunması və bir milyondan çox insanın tarixi torpaqlarından didərgin düşmələri barədə doğru məlumatları dünya ictimaiyyətinə çatdırmağı və bütün bunlara siyasi qiymət verilməsinə nail olmağı qarşısına məqsəd qoymuşdur. Ötən əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 14-cü ildönümü ərəfəsində bu faciənin bütün ağrı-acısını dünya ictimaiyyətinə çatdırmaq üçün fevralın 20-də “Dünya Azərbaycanlıları terrora YOX deyir” şüarı ilə ilk dəfə Şəhidlər xiyabanını ziyarətlə başlayacaq tədbirlər sonrakı günlərdə respublikamızdan kənarda davam etdiriləcəkdir. Türkiyədə, Vaşinqtonda, Londonda, Stokholmda, Haaqada, Moskvada, Praqada və digər Avropa şəhərlərində etiraz aksiyaları, elmi-praktik konfranslar keçiriləcəkdir.
Brüsseldə Avropa Parlamentinin binasında, müxtəlif ölkələrdən, o cümlədən ABŞ, Avstriya və Norveçdən dəvət olunmuş alimlərin, ictimai xadimlərin, aparıcı kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə elmi-praktik konfransın keçirilməsi və Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayiş etdirilməsi də nəzərdə tutulmuşdur. Bu tədbirlərdə Azərbaycanın dövlət, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edəcəklər.
Milli Məclisin deputatı, tədbirlərlə əlaqədar yaradılmış təşkilat komitəsinin üzvü Havva Məmmədova dünyadakı ikili standartlardan, mövcud problemlərdən və onların həlli yollarından danışmışdır.
Azərbaycandakı kazakların atamanı Viktor Mereşkin Xocalı soyqırımını alman faşistlərinin törətdikləri Xatın (Belarusda kənd) faciəsi ilə eyniləşdirərək demişdir ki, ermənilərin Xocalını yerlə-yeksan etməsi, dinc əhaliyə amansızcasına divan tutması insanlığa sığmayan vəhşilikdir. Azərbaycanda, eləcə də dünyanın digər ölkələrində yaşayan kazaklar bunu qətiyyətlə pisləyir, faciəyə dünya ictimaiyyəti tərəfindən düzgün siyasi qiymət verilməsini tələb edirlər. O, Azərbaycanda azsaylı millətlərə, o cümlədən kazaklara yaradılmış şəraitdən, onların mədəni irsinin qorunmasında dövlətin rolundan məmnunluqla danışmış, buna görə minnətdarlığını bildirmişdir.
Sonda təşkilat komitəsinin üzvləri jurnalistləri maraqlandıran suallara aydınlıq gətirmişlər.