DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ RUMINİYADA DA TƏNTƏNƏ İLƏ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 31-də Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətində bayram tədbiri keçirilmişdir.
Tədbirə Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmasının nümayəndələri, İran azərbaycanlıları, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatası, ARDNŞ-in Rumıniyadakı nümayəndəliyinin üzvləri, KİV nümayəndələri iştirak etmişlər.
Bayram şənliyinə Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zemfira Səfərova, “Dədə Qorqud” Milli Fondunun icraçı direktoru, “Azərbaycan Dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov və Fondun direktoru Nailə Rəhimbəyli də qatılmışlar.
Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunmuş və bu sənəd iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Tədbir iştirakçıları Buxarest şəhərindəki Tey Parkı - Heydər Əliyev Xiyabanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün büstünün önünə tər çiçəklər qoyulmuş, türk dünyasının dahi şəxsiyyətlərinin əziz xatirəsi ehtiramla yad edilmişdir.