DÜNYA BANKI YERALTI QAZ ANBARININ TİKİNTİSİ ÜÇÜN TÜRKİYƏYƏ 325 MİLYON DOLLAR KREDİT AYIRMIŞDIR
Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin məlumatında bildirilir ki, bu anbar istifadəyə veriləndən sonra təbii qaz itkisi minimuma endiriləcək və qiymətlərin mövsümə uyğun tənzimlənməsinə son qoyulacaqdır. Bundan başqa, şaxtalı qış günlərində İran və Rusiyadan qaz nəqli azalanda əhalinin və strateji əhəmiyyətli obyektlərin qazla təchiz edilməsi asanlaşacaqdır. Ankaranın cənubundakı Duz gölü adlanan ərazidə tikiləcək təbii qaz anbarı Türkiyəyə mavi yanacağın nəqlində Şərq-Qərb dəhlizinin tranzit ölkəsi kimi mövqeyini də möhkəmləndirəcəkdir.
Botaş şirkəti və Dünya Bankının imzaladıqları sazişin şərtlərinə görə, bu kredit Türkiyəyə 13 il müddətinə veriləcəkdir. Anbarın inşasına bu ilin birinci yarısında başlanacaq və obyekt 2010-cu ildə istifadəyə veriləcəkdir.