DÜNYA QAÇQINLAR GÜNÜ QEYD OLUNMUŞDUR
Ombudsman Elmira Süleymanova tədbiri giriş sözü ilə açaraq bu gün yer üzündə ən ağrılı məsələlərdən biri olan qaçqın və məcburi köçkün problemindən danışmış, onları BMT baş katibinin Dünya Qaçqınlar günü münasibətilə beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətlə tanış etmişdir. Müvəkkil bütün dünyada öz yurdlarından məhrum olan insanlardan bir milyonunun bizim ölkənin payına düşdüyünü, erməni təcavüzü nəticəsində dövlətimizə və xalqımıza ölçüyəgəlməz maddi və mənəvi zərər vurulduğunu bildirmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri və miqrasiya idarəsinin müdir əvəzi Qurban Sadıqov “Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin sosial vəziyyəti” mövzusunda məruzə etmişdir. O, Azərbaycan Prezidentinin sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nın təsdiq edildiyini və məcburi köçkünlərin sosial inkişaf fondunun yaradıldığını vurğulamışdır. Q.Sadıqov qeyd etmişdir ki, məcburi köçkünlərin 147 min nəfəri dövlət, 135 min nəfəri isə BMT-nin Ərzaq Proqramı tərəfindən hər ay ərzaqla təmin edilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Rəhimov, Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentinin direktoru Səfər İmanov və digərləri dövlətimizin başçısının sərəncamı ilə dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan bütün məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edildiyini, 5 çadır düşərgəsinin ləğv olunduğunu, məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədi ilə hər bir ailəyə bir hektar torpaq və kənd təsərrüfatı işləri ilə məşğul olmaq üçün əvəzsiz maliyyə yardımı verildiyini, yeni salınmış qəsəbələrdə 6000-dən çox iş yeri yaradıldığını vurğulamışlar.
Çıxış edənlər ölkəmizdə sığınacaq tapmış qaçqınların vəziyyəti barədə danışmış, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək məshəti türkünün Azərbaycanda məskunlaşdığını, BMT QAK tərəfindən respublikamızda 11 min nəfərədək qaçqın statusu almaq niyyətində olan şəxsin qeydiyyata alındığını bildirmişlər.