Dünya üzrə qadınlar parlament yerlərinin 27,5 faizini tutur
Bakı, 8 mart, AZƏRTAC
Cari ilin əvvəlinə qadınlar dünya parlament yerlərinin 27,5 faizini tutur. Bu göstərici əvvəlki ilin 27,2 faizindən bir qədər yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın (PAİ) hesabatında bildirilib.
Qadınların təmsilçiliyində ən böyük artım 2025-ci ildə Qırğızıstanda, Sent-Vinsent və Qrenadinlərdə və Sent Lyusiyada qeydə alınıb. Avstraliyada parlamentdə qadınların payı 46 faizə çataraq ölkə tarixində rekord olub, Ekvadorda isə 45 faizə yüksəlib.
2025-ci ilin iyul seçkilərindən sonra Yaponiya tarixində ilk dəfə qadın Baş nazir vəzifəsinə seçilib, həmçinin parlamentin yuxarı palatasında qadınların payı 29,4 faizə yüksəlib.
Qadın parlament spikerlərinin sayı azalaraq 19,9 faizə düşüb (54 spikerdən 12-si qadın). Qadınların təmsilçiliyi ən yüksək səviyyədə Amerika ölkələrindədir (35,6%), ən aşağı isə Yaxın Şərq və Şimali Afrikada (16,2%). Oman, Tuvalu və Yəməndə aşağı palatalarda qadın parlamentar yoxdur.
Hesabata görə, kvotalar qadınların təmsilçiliyini artırmaq üçün ən təsirli vasitədir. Kvotasız parlamentlərdə qadınların payı 23,3%, kvotalı parlamentlərdə isə 30,9% təşkil edib.
Qadın siyasətçilərə qarşı zorakılıq ciddi problem olaraq qalır. Asiya-Sakit Okean regionunda qadın parlamentarilərin 76 faizi psixoloji zorakılığa məruz qalıb. Bəzi ölkələr artıq bu halların qarşısını almaq üçün qanun və tədbirlər tətbiq edir.
Qeyd edək ki, PAİ 1889-cu ildə təsis olunub və hazırda 183 milli parlament və 15 regional parlament təşkilatını birləşdirir.