Dünyada məzlum millət imici formalaşdıran ermənilərin iç üzünü beynəlxalq ictimaiyyətə çatdırmalıyıq
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Bakıdakı Bülbül adına orta ixtisas musiqi məktəbində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
“İçərişəhər” Tarix Muzeyi ilə birgə təşkil olunan tədbirdə musiqi məktəbinin direktoru Teymur Göyçayev çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə yeksan etdiyini, insanlığa qarşı silinməz qara ləkə olan qətliam törətdiklərini vurğulamışdır.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımı nəticəsində dinc əhalinin amansızlıqla qətlə yetirildiyini, mindən artıq şəhər sakininin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olduğunu, girov götürülərək amansız işgəncələrə məruz qaldıqlarını qeyd etmişlər. Bildirilmişdir ki, 150 nəfərin taleyi bu gün də məlum deyildir. Qətlə yetirilən 613 nəfərin 106-sı qadın, 63-ü uşaq, 70-i qocalar olmuşlar. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. Soyqırımı nəıticəsində bir gecədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Qeyd olunmuşdur ki, bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün hər bir azərbaycanlı öz üzərinə düşən borcu yerinə yetirməli, dünyada məzlum millət imici formalaşdıran ermənilərin iç üzünü beynəlxalq ictimaiyyətə çatdırmalıyıq.
Sonra musiqi məktəbinin şagirdləri Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.