Düşənbədə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı mərasim keçirilmişdir
Düşənbə, 23 yanvar (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyi 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Tədbirdə dövlət və hökumət strukturlarının nümayəndələri, deputatlar, elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, diplomatik missiyaların rəhbərləri, diasporumuzun üzvləri iştirak etmişlər.
Əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, səfir Abbasəli Həsənov 20 Yanvar faciəsinin səbəbləri haqqında ətraflı məlumat vermişdir. Səfir demişdir: “1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş sovet ordusunun 26 minlik qüvvələri qabaqcadan hazırlanmış “Zərbə” hərbi əməliyyatı adı altında, heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə daxil olmuş, dinc əhali döyüş maşınları, tank, pulemyot, avtomat və digər silahlardan atəşə tutulmuş, nəticədə 147 adam qətlə yetirilmiş, çox sayda adan yaralanmışdır. Qətlə yetirilənlər arasında rus, yəhudi, tatar, ləzgi və digər xalqların nümayəndələri olmuşdur”.
Səfir demişdir ki, həmin gün axşam keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycan televiziyasının enerji blokunu partlatmış, bununla da ölkəmiz informasiya blokadasına alınmışdır. Yanvarın 19-da M.Qorbaçovun Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsi barədə fərmanı isə əhaliyə hadisələr baş verəndən sonra, yanvarın 20-də səhər saat 6-da səsgücləndiricilər vasitəsi ilə çatdırılmışdır. Səfir qeyd etmişdir ki, mən özüm həmin gecə baş verən hadisələrin canlı şahidi olmuş və sovet əsgərlərinin dinc, silahsız əhalinin xüsusi qəddarlıqla gülləbaran etmələrini gözümlə görmüşəm. Səfir vurğulamışdır ki, hadisə baş verən günün səhərisi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükəyə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, xalqımıza qarşı törədilmiş bu cinayətə etirazını bildirmiş, partiya sıralarından çıxdığını elan etmişdir. İran İslam Respublikasının Tacikistandakı səfiri Əliəskər Şerdust, soydaşımız Amal Hacıyeva Moskvanın bu addımını ittiham etmişlər.
Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə