DUZLU MƏHSULLARDAN MÜNTƏZƏM İSTİFADƏ MƏDƏ XƏRÇƏNGİ ƏMƏLƏ GƏTİRİR
Səhiyyə və Əmək Nazirliyinin 11 il ərzində apardığı böyük iş nəticəsində onkoloqlar təqribən 40 min ortayaşlı yaponun həyat tərzini müşahidə etmişlər. Tibb mütəxəssisləri bu adamların gündəlik qida rasionuna, müəyyən içkilərə aludə olmalarına, eləcə də bilavasitə sağlamlığa təsir göstərən zərərli vərdişlərinə, məsələn, siqaret çəkmələrinə xüsusi diqqət yetiriblər. Əldə edilmiş göstəricilərə görə, duzlu yemək həvəskarı olan kişilər arasında mədə xərçənginə tutulma riskinə 500 adamdan biri mərüz qalmışdır. Bu, duzlu yeməklərdən ehtiyatla istifadə edənlər arasında qeydə alınmış göstəricilərdən iki dəfə çoxdur. Tədqiqat proqramına cəlb olunmuş 18,5 min kişidən 358 nəfərin xərçəng xəstəliyinə tutulduğu qeydə alındığı halda, 20 mindən çox qadın arasında bu göstərici 128-ə bərabərdir.