DYP: Qeyri-sabit hava şəraiti ilə əlaqədar heç bir yolda hərəkət məhdudlaşdırılmayıb
Bakı, 9 yanvar, AZƏRTAC
Respublikada heç bir yolda məhdudlaşdırılma yoxdur. Sadəcə müəyyən müddət yolların təmizlənməsi üçün xüsusi texnikanın rahat hərəkəti üçün bəzi yollarda hərəkət müvəqqəti dayandırılır və qısa müddətdə hərəkət bərpa olunur.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev magistral yollarla bağlı AZƏRTAC-a açıqlamasında bildirib ki, magistral yolların heç birində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılmayıb. Lakin bəzi istiqamətlərdə təhlükəsizlik məqsədilə mövsümi şinləri olmayan nəqliyyat vasitələri, yük avtomobilləri və avtobuslar alternativ yollara istiqamətləndirilir. Belə hallarda patrul avtomobilləri də həmin nəqliyyat vasitələrini təhlükəsiz hissəyə aparana qədər müşayiət edir.