ƏDƏBİYYAT İNSTİTUTUNDA ÖTƏN İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
Əvvəlcə, erməni faşistləri tərəfindən törədilmiş Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İnstitutun direktoru, akademik Bəkir Nəbiyev bildirmişdir ki, ənənəyə uyğun olaraq, builki yığıncaqda da ilin ədəbi yekunlarının nəticələri janrlar (poeziya, nəsr, dramaturgiya, tənqid, publisistika) üzrə məruzələrlə diqqətə çatdırılacaqdır. Bu il məruzələr sırasına, ilk dəfə olaraq, publisistikanı da daxil etməklə ədəbi prosesdən daha dolğun şəkildə söhbət getməsinə çalışmışıq.
Belə tədbirlərin əhəmiyyətindən danışan natiq vurğulamışdır ki, yığıncaqda bədii nümunələr janrları üzrə mövzu, ideya, qəhrəman tipi, kompozisiya, dil və üslub baxımından qruplaşdırılaraq, təhlil olunacaq, qiymətləndiriləcəkdir.
Ötən ili 2004-cü illə müqayisə edən B.Nəbiyev diqqətə çatdırmışdır ki, poeziya yenə də fəal olmuşdur. Nəsr sahəsində isə bir qədər səngimə hiss edilir. Dramaturgiyaya yeni müəlliflər gəlir və onlar ciddi axtarışlar aparırlar. Ümumilikdə isə, bədii fikirdə dəyişmə, yeniləşmə hiss olunur, Yığıncaqda filologiya elmləri doktoru Aydın Dadaşovun (dramaturgiya), filologiya elmləri namizədləri Qurban Bayramovun (poeziya), Nərgiz Cabbarovanın (nəsr), Rahid Xəlilovun (ədəbi tənqid), Elçin Mehrəliyevin (publisistika) məruzələri dinlənilib müzakirə olunmuşdur.