Ədliyyə Nazirliyinin Probasiya xidmətində Amnistiya aktının icrasına başlanılıb VİDEO
Bakı, 22 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
Ədliyyə Nazirliyinin Probasiya xidmətində Amnistiya aktının icrası həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, aktın icrasına Bakı Şəhər Probasiya İdarəsində başlanılıb.
Həmin münasibətlə keçirilən tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayevin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarı Azərbaycan Respublikasının dövlətçilik ənənələrinə, konstitusion dəyərlərinə və milli suverenliyinə sadiqliyin parlaq təcəssümü olmaqla, humanizm və ədalətin bariz nümunəsidir. Bu, müstəqil Azərbaycan tarixində ən geniş Amnistiya aktıdır və ölkəmizin bütün suveren ərazisində tətbiq olunur.
Vüqar Ağayev qeyd edib ki, Amnistiya aktı probasiya nəzarətində olan 10 mindən çox şəxsi əhatə edəcək: “Həmin qərarla 7 mindən çox şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur və bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir. Eyni zamanda, həmin aktla ictimai və islah işləri, cərimə cəzasından azad olunan və şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzanın çəkilməsi təxirə salınmış şəxslərin sayının 3 mindən çox olacağı gözlənilir. Xüsusi vurğulamaq lazımdır ki, hazırkı amnistiya aktı azadlığın məhdudlaşdırılması cəzasının azaldılmasını deyil, bütövlükdə həmin cəzadan tamamilə azad olunmanı nəzərdə tutur ki, bu da icra məmurunun prokurorluqla razılaşdırılmış qərarına əsasən icra ediləcək. Cəzadan azad olunan şəxslər, əsasən, şəxsiyyət, mülkiyyət, ictimai təhlükəsizlik əleyhinə və digər hüquqazidd əməllər törətmiş şəxslərdir. Bunlara sağlamlığa yüngül və ya az ağır zərərvurma, oğurluq, dələduzluq, xuliqanlıq, yol hərəkəti qaydalarını pozma və digər cinayətləri aid etmək olar. Hazırda Amnistiya aktının icrasına bütün qurumlar tam səfərbər olunmaqla, şəffaflıq və aşkarlıq prinsipləri əsasında icra prosesini təmin edirlər”, - deyə Probasiya xidmətinin rəisi bildirib.
Sonra çıxış edən Baş Prokurorluğun nümayəndəsi Elşad Ağayev və Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə dövlətimizin başçısının həmin təşəbbüsünün onun humanizm və sosial ədalət prinsiplərinə sadiqliyinin növbəti nümunəsi olduğunu bildiriblər. Genişmiqyaslı Amnistiya aktının 20 mindən artıq şəxsi əhatə etməsinin 100 minlərlə insanın sevincinə səbəb olacağı qeyd edilib. Çıxış edənlər azadlığına qovuşan şəxsləri cinayət törətməkdən uzaq olmağa, yenidən həyata və birgə yaşayış qaydalarına inteqrasiya olunmağa səsləyiblər.
Daha sonra probasiya nəzarətində olan şəxslərə Amnistiya aktının tətbiqinə başlanılıb.