Efiopiya ictimaiyyətinə Ermənistanın təxribatları ilə bağlı məlumat verilib
Əddis-Əbəbə, 12 aprel, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin tanınmış “AfroFM” radio kanalına müsahibəsində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində işğalçı Ermənistanın təxribatları nəticəsində yaranmış son gərginlikdən danışıb.
Müsahibədə səfir aprelin 2-də Ermənistanın atəşkəs rejimini pozaraq ağır silahlardan istifadə etməklə təmas xətti boyunca mülki əhalinin sıx yaşadığı məntəqələri və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutması barədə məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxsin həlak olduğunu və ağır yaralandığını, eyni zamanda, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulduğunu qeyd edib.
Dünya ictimaiyyəti tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini qeyd edən səfir Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını birmənalı şəkildə tələb edən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti kimi beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiqlərin göstərilməsinin vacibliyini vurğulayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə