ƏHALİNİN SAĞLAMLIĞININ MÜHAFİZƏSİ PROBLEMİ İCTİMAİYYƏTİN DİQQƏT MƏRKƏZİNDƏDİR
Azərbaycan Yaponiyanın yoxsulluğun ləğvi fondunun regional layihəsinə 2001-ci ilin sentyabrında qoşulmuşdur. Bu layihə çərçivəsində mikronutriyentlərlə zəngiləşdirilən duz və un istehsal edilir, reproduktiv yaşlı qadınlara və aztəminatlı ailələrdən olan uşaqlara yardım göstərilir. Azərbaycanın 10 bölgəsi təcrübi rayon kimi seçilmişdir.
Layihənin milli əlaqələndiricisi Bəsti Bağırova duzun yodlaşdırılması sahəsində görülən işlərdən danışdı. Bildirildi ki, duz istehsal edən üç zavoda duzun yodlaşdırılması, qablaşdırılması üçün avadanlıq, gömrük məntəqələrinə ölkəyə gətirilən duzun tərkibində yodun səviyyəsini müəyyənləşdirmək üçün laboratoriya avadanlığı və testerlər verilmişdir.
Seminar iştirakçılarının fikrincə, kretinizm kimi çox ağır nəticəyə gətirib çıxaran yod çatışmazlığının profilaktikasında ictimaiyyət əsas rol oynamalıdır. Mütəxəssislər yod çatışmazlığının nəticəsi olan qalxanabənzər vəzi xəstəliklərinin son vaxtlar bütün rayonlarda artdığını bildirirlər. Onların arasında əvvəllər həmin xəstəliklərin çox da müşahidə olunmadığı bölgələr də var.