Əhalinin sosial müdafiəsi sahəsində görülən işlər müzakirə olunub
Bakı, 17 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) son 6 ayda gördüyü işlər, sosial müdafiə sahəsindəki icra vəziyyəti müzakirə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda sosial sahədə aparılan genişmiqyaslı islahatların DSMF-ni də əhatə etdiyi vurğulayaraq fondun fəaliyyətində müsbət dinamikanın davam etdiyi bildirilib. DSMF gəlirlərinin 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nisbətən 2,21 faiz (57 milyon manat) artaraq 2 milyard 614,2 milyon manat, bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 7,88 faiz (134,12 milyon manat) artaraq 1 milyard 836,85 milyon manat təşkil etdiyi qeyd olunub. Daxilolmalara dair illik proqnozun büdcə təşkilatları üzrə 104,54 faiz, qeyri-büdcə sektoru üzrə 114,42 faiz icra edildiyi diqqətə çatdırılıb.
Dövlət başçısının 2019-cu ilin dekabrında imzaladığı Fərmanla DSMF-nin publik hüquqi şəxs kimi fəaliyyət göstərdiyi, fondun öz fəaliyyətini əhaliyə xidmət modelinə keçid istiqamətində qurduğu vurğulanıb. Fəaliyyət sahələrinin optimallaşdırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, proaktiv xidmətlərin tətbiqi istiqamətində aparılmış islahatlar qeyd edilib. İslahatların tərkib hissəsi kimi Fondun fəaliyyət sektorları üzrə mərkəzləşdirmə işləri aparılmaqla bu sahələrdə inzibati idarəetmənin təkmilləşdirilməsinə və xidmətin keyfiyyətinin, operativliyinin, habelə şəffaflığın təminatına nail olunduğu diqqətə çatdırılıb.
İclasda Fondun Maddi Məişət Şəraitinin Müayinəsi, Məhkəmə Mübahisələri ilə İş, Arxiv və İnventarlaşdırma, Sosial Ödənişlərin Təyinatı, Xüsusi Şərtlərlə Təyinat, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiallarının son 6 aya dair fəaliyyətinə dair təqdimatlar edilib.
Eyni zamanda, şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron informasiya bazasının yaradılması işlərindən bəhs edilib. Yaradılmaqda olan məlumat bazasının müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacağı, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcəyi vurğulanıb.