SİYASƏT
Əhliman Əmiraslanov: Əminik ki, soydaşlarımız Qərbi Azərbaycana sülh yolu ilə qayıdacaq
![Əhliman Əmiraslanov: Əminik ki, soydaşlarımız Qərbi Azərbaycana sülh yolu ilə qayıdacaq](/files/2023/3/1200x630/16956303264525222703_1200x630.jpg)
Bakı, 25 sentyabr, AZƏRTAC
Biz əminik ki, soydaşlarımız Qərbi Azərbaycana sülh yolu ilə qayıdacaq. Bu proses silah və tankla deyil, Prezident İlham Əliyevin dəmir iradəsi ilə baş verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədə deyib.
O bildirib ki, Milli Məclisdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmələr ənənəyə çevrilib. Artıq Milli Məclisdə bununla bağlı dördüncü dinləmə keçirilir.
“Biz təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də bu sahədə işlərimizi davam etdiririk. Türkiyədə və Rusiyada Qərbi Azərbaycanla bağlı dərnəklər var. Əminik ki, Qərbi Azərbaycana soydaşlarımız sülh yolu ilə qayıdacaq. Bir daha bildiririk ki, bu proses silah və tankla deyil, Prezident İlham Əliyevin dəmir iradəsi ilə olacaq. Bunun üçün hüququ sənədlərin olması çox vacibdir. Qayıdış bundan sonra, sadəcə, hüquqla və sülhlə olacaq”, - deyə Əhliman Əmiraslanov qeyd edib.