Ehtiyatda olan gizir: Yeni aldığım mənzil ailəmizin böyük sevincinə səbəb olub
Bakı, 12 sentyabr, AZƏRTAC
Vətən müharibəsində təkcə mən yox, bizim ailəmizin bir neçə üzvü iştirak edib. Bibim oğlu polkovnik-leytenant Əfqan Abdurahmanov 2020-ci il oktyabrın 10-da Tərtər uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olub, Vətən Müharibəsi Qəhrəmanıdır. Dayım oğlu Aydın Bayramov, əmim nəvəsi Elvin Abdurahmanov, yaxın qohumum Fariz Rəhimov qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksəliblər. Qardaşım Tahir isə Zəngilan uğrunda döyüşlərdə iştirak edib və yaralanıb. O, hazırda da Sərhəd Qoşunlarında xidmətini davam etdirir.
Ehtiyatda olan gizir Həbib Bayramov bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində məlumat verib.
O, Vətən müharibəsində Cəbrayıl və Füzulinin kəndlərinin erməni işğalçılarından təmizlənməsi uğrunda döyüşlərdə iştirak edib. Üryandağ yüksəkliyi, Xocavəndin Qırmızı Bazar qəsəbəsi uğrunda döyüşlərdə fədakarlıq göstərən gizir bir neçə dəfə yaralansa da, onun döyüş yolu noyabrın 8-dək uzanıb. Həmin gün o, Xocavəndin girəcəyində döyüş tapşırığını yerinə yetirərkən erməni quldur birləşmələrinin atdığı minomyot dalğasından huşunu itirib. Kəllə-beyin travması alıb, kürəyindən və qabırğasından yaralanıb. Əvvəlcə Füzulidəki hospitalda ona ilkin tibbi yardım göstərilib, sonra Oğuz və Qəbələdə, daha sonra isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə kursu keçib. Vətən müharibəsi döyüşlərində göstərdiyi igidlik nümunəsinə görə “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.
Hazırda paytaxtın Suraxanı qəsəbəsində kirayə mənzildə yaşayan üçüncü qrup əlil Həbib Bayramova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Hövsan qəsəbəsində ikiotaqlı mənzil hədiyyə edilib. Mənzilin orderini alan Həbib öz ürək sözlərini belə ifadə edib: “Atam, anam, bacım və həyat yoldaşımla birlikdə kirayə mənzildə yaşayırdıq. Yeni aldığım mənzil onların da böyük sevincinə səbəb olub. Ailəmizin ən gənc üzvü 1 yaşlı Elton isə hələ bu sevincdən xəbərsizdir. Yəqin ki, böyüyəndən sonra o da ayaq açıb yeriyəcəyi, içərisində böyüdüyü mənzilin atasına nə üçün verildiyindən xəbər tutacaq. Hesab edirəm ki, mənim keçdiyim döyüş və hərbi xidmət yol onun üçün ən layiqli töhfə olacaq”.