Ekologiya və təbii sərvətlər naziri Masallı şəhərində cənub bölgəsindən olan vətəndaşları qəbul etmişdir
Masallı, 31 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq göstəriş və tövsiyəsinə uyğun olaraq yanvarın 31-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Masallı şəhərindəki Gənclər evində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
AZƏRTAC xəbər verir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda cənub bölgəsindən olan 40-dan çox vətəndaşın müraciətinə baxılmışdır.
Vətəndaşların müraciətləri əsasən ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olmuşdur.
Nazir H.Bağırov hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericilin tələblərinə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir. Müraciətlərin bir qismi elə yerindəcə həllini tapmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.