Ekspert: Azərbaycan-Türkmənistan əməkdaşlığı enerji və nəqliyyat sahələrində yeni imkanlar açır
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir və əməkdaşlıq getdikcə daha geniş məzmun qazanır. Hazırda iki ölkə arasında əsas əməkdaşlıq istiqamətləri enerji, nəqliyyat-logistika və regional inteqrasiya sahələrini əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Roza Bayramova bildirib.
Onun sözlərinə görə, son iki ildə Azərbaycan və Türkmənistan arasında münasibətlər daha da genişlənərək strateji xarakter alıb. Əməkdaşlığın əsas istiqamətlərini ənənəvi enerji, bərpaolunan enerji mənbələrinin inkişafı, eləcə də nəqliyyat-logistika sahələri təşkil edir.
“2025-ci ildə Azərbaycan, Özbəkistan və Türkmənistan arasında yaradılmış üçtərəfli əməkdaşlıq formatı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun əsas məqsədi enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, regional inteqrasiyanın gücləndirilməsi və praktiki məsələlərin daha operativ şəkildə həll olunmasıdır. Belə üçtərəfli mexanizmlər regional əməkdaşlığın genişlənməsinə töhfə verməklə yanaşı, mövcud problemlərin qısa müddətdə və səmərəli şəkildə həllinə imkan yaradır”, - deyə baş məsləhətçisi vurğulayıb.
O qeyd edib ki, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində tərəflər arasında enerji, iqtisadiyyat, nəqliyyat-logistika, mədəni-humanitar əməkdaşlıq, gənclər mübadiləsi və digər sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb.
“Bu sənədlər ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açır və gələcək əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir. Hazırda əsas məsələlərdən biri qaz sahəsində əməkdaşlığın genişləndirilməsidir. Türkmənistan qaz ixracını şaxələndirməkdə maraqlıdır və bu istiqamətdə yeni marşrutlara ehtiyac duyur. Digər tərəfdən, Avropa da alternativ enerji mənbələrinin cəlb edilməsində maraqlıdır. Bu baxımdan Azərbaycan mühüm tranzit və enerji habı kimi çıxış edə bilər. Türkmənistan qazının yeni marşrutlarla dünya bazarlarına çıxarılması üçün zəruri mexanizmlər formalaşdırıldıqdan sonra Azərbaycan bu prosesdə əsas əlaqələndirici və hərəkətverici tərəflərdən birinə çevrilə bilər”, – deyə BMTM-in baş məsləhətçisi diqqətə çatdırıb.
Müxbir - Səbinə Əlizadə