Ekspert: Berlin razılaşmaları Azərbaycanın Aİ ilə münasibətlərində yeni strateji reallıq formalaşdırır
Bakı, 23 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində əldə olunan razılaşmalar Azərbaycan–Almaniya münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltməklə yanaşı, Azərbaycanın Aİ ilə strateji əməkdaşlığının institusional əsaslarını daha da möhkəmləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi Məryəm İsmayılova deyib.
Ekspert bildirib ki, enerji istiqamətində Berlində imzalanan sazişlər Azərbaycanın regional təchizatçı statusundan Avropanın enerji arxitekturasının sistemli elementinə keçidini rəsmiləşdirir. "2026-cı ilin yanvarından etibarən SOCAR Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Almaniya və Avstriyaya birbaşa qaz tədarükünə başlayıb. Bununla da Azərbaycan qazı alan Aİ-yə üzv dövlətlərin sayı 10-a çatıb və İttifaqın ən böyük iqtisadiyyatı olan Almaniya da bu siyahıya daxil olub. Eyni zamanda, Strateji Tərəfdaşlıq Gündəliyi yaşıl enerji, aşağı karbonlu hidrogen və enerji səmərəliliyi istiqamətlərini də əhatə edir. Bu isə tərəflər arasında əməkdaşlığın yalnız cari qaz tədarükü ilə məhdudlaşmadığını, enerji keçidini də əhatə edən daha uzunmüddətli əməkdaşlıq modelinə keçdiyini göstərir", – deyə Məryəm İsmayılova vurğulayıb.
M.İsmayılova qeyd edib ki, nəqliyyat və logistika sahəsində Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirdiyi görüş xüsusi əhəmiyyət daşıyır.
"Həmin görüşdə enerji əməkdaşlığı ilə yanaşı, Orta dəhliz də daxil olmaqla nəqliyyat və kommunikasiya əlaqələri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu yanaşma onu göstərir ki, Mərkəzi Asiyaya alternativ logistika marşrutları axtaran alman biznesi üçün Azərbaycan artıq yalnız tranzit ölkə deyil, formalaşmaqda olan Avrasiya logistika sisteminin əsas qovşaqlarından biri kimi qəbul edilir.
Cənubi Qafqazda sülh gündəliyi baxımından əldə olunan siyasi nəticələr də xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə iqtisadi məsələlərdən daha çox verilən siyasi siqnallar ön plana çıxır. Almaniyanın Bakı–İrəvan normallaşma prosesinə və Vaşinqton görüşünün nəticələrinə verdiyi dəstəyin Birgə Bəyannamədə öz əksini tapması Berlini bu prosesin kənar müşahidəçisi statusundan fəal siyasi tərəfdaş mövqeyinə yaxınlaşdırır. Bu mənzərəni tamamlayan digər mühüm məqam isə ikitərəfli sənədlərdə ilk dəfə minatəmizləmə və transsərhəd təhdidlərə qarşı əməkdaşlıq məsələlərinin təsbit olunmasıdır. Bu, sülhün yalnız siyasi səviyyədə tanınması deyil, eyni zamanda, azad edilmiş ərazilərdə praktik şəkildə həyata keçirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Siyasi müstəvidə ən əhəmiyyətli məqamlardan biri Bəyannamədə Almaniyanın yenilənmiş Azərbaycan–Avropa İttifaqı Tərəfdaşlıq Prioritetlərinə dəstəyinin əks olunmasıdır. Bu dəstək Bakı ilə Brüssel arasında yeni hərtərəfli saziş üzrə danışıqların yekun mərhələsinə təsadüf edir. İyun ayında keçirilmiş danışıqlar raundunun nəticələrinə əsasən, sənəd mətninin təxminən 90 faizi artıq razılaşdırılıb. Avropa İttifaqının ümumi mövqeyinin formalaşmasında ənənəvi olaraq böyük çəkiyə malik olan Almaniyanın mövqeyi qalan ticarət və iqtisadi müddəaların razılaşdırıldığı yekun, ən həssas mərhələdə əlavə siyasi resurs kimi çıxış edə bilər", – deyə ekspert vurğulayıb.
Müxbir - Səbinə Əlizadə